
ƏVƏZ ZEYNALLININ MƏTBUAT ŞURASI ILƏ MƏHKƏMƏSI YENƏ TƏXİRƏ SALINDI
Pentensiar xidmətin maşını “probka”ya düşdü
ƏVƏZ ZEYNALLININ MƏTBUAT ŞURASI ILƏ MƏHKƏMƏSI BİR SAAT YUBANDI
29.08.2013
Avqustun 19-da fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyilə məhkəmə iclası keçirildi.
Saat 11:00 radələrinə təyin olunmuş məhkəmə prosesi Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Ə.Zeynallının saxlanıldığı Bakı İstintaq Təcridxanasından gətirmək üçün sərəncama verdiyi avtomobilin “probka”ya düşməsi səbəbilə bir saat sonra 12:10 radələrində başladı. Bu zaman məlum oldu ki, Ə.Zeynallının vəkili E.Sadıqov başqa cinayət işi ilə bağlı proses aparmalı olduğundan məhkəmədə iştirak etmir. Ə.Zeynallı bir daha məhkəmə işlərinə məsuliyyətsiz yanaşmanın Azərbaycan qanunvericiliyinə hörmətsizlik kimi dəyərləndirdi: “Əgər məhkəmə iclası saat 11:00-a təyin olunubsa, o zaman məni bura ən azı yarım saat əvvəldən gətirməlidirlər. Hakim olanda cavabdehtərəfin nümayəndəsi olmur, cavabdehlərin nümayəndəsi olanda vəkil prosesə qatılmır. Bu necə məhkəmə prosesidir?” Xatırladaq ki, bundan əvvəlki məhkəmə iclasında Mətbuat Şurasının səlahiyyətli nümayəndələri iştirak etmədiklərindən proses təxirə salınmışdı.
Ə.Zeynallı hakim M.Sadıqova bildirdi ki, məhkəmə istintaqına daxil olan bütün sənədlərlə tanış lmaq istəyir: “Mətbuat Şurasının Şikayətlər Komissiyasının xüsusi rəyi var, həmin rəy Mətbuat Şurasına daxil ediləndən sonra “Xural”la bağlı qərar qəbul olunub. Həmin rəy mənə təqdim olunmayıb. Zəhmət olmazsa onu mənə təqdim etsinlər…” Hakim bütün sənədlərin Ə.Zeynallıya təqdim olunacağını dedi.
Məhkəmə prosesi avqustun 30-u saat 11:00-də davam edəcək.
Məlumat üçün bildirək ki, 2 il əvvəl “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov baxmaqdan imtina etmiş və iddiaçı “Xural” qəzeti Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladığından iş Ali Məhkəməyə təqdim olunmuşdu. Ali Məhkəmə isə həm Nərimanov rayon Məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin qərarlarını yetərli əsasların olmaması səbəbilə ləğv edərək, işi yenidən birinci instansiya məhkəməsinə -Nərimanov Rayon Məhkəməsinə göndərib.
Məlumat üçün bildirək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan etmişdi. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında idiia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Nərimanov rayon Məhkəməsi işə ədalətli baxmadığı təqdirdə, bütün instansiyaları keçdikdən sonra işi Avropa Məhkəməsinə qədər aparacaqlar: “Aydındır ki, bunlara tapşırıq haradan gəlir. Mətbuat Şurasının Azərbaycan mətbuatının şərəfi ilə oynamasına imkan verilməməlidir. Sifarişlə mətbuatı qətl edənlər isə qanuni cəzalarını almalıdırlar” – deyə Ə.Zeynallı vurğulayıb.
XuralTAC



