
Əvəz Zeynallının adı İPGA-nın hesabatında açıqlandı
Tərkibinə 8 beynəlxalq jurnalist və insan haqlarının müdafiə təşkilatları Artikl 19 İfadə azadlığı uğrunda qlobal kampaniya (ARTICLE 19: Global Campaign for Free Expression), Jurnalistlərin Müdafiə Komitəsi (Committee to Protect Journalists), İnsan Haqları Evi Fondu (Human Rights House Foundation), Senzura indeksi (Index on Censorship), Müxtəlif KİV İnstitutu (Media Diversity Institute), Norveç Helsink Komitəsi (Norwegian Helsinki Committee), Beynəlxalq PEN Klubu (PEN International), Sərhədsiz Reportyorlar təşkilatının (Reporters Without Borders) da qatıldığı Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə bağlı hesabat açıqlayıb.
Hesabatda bildirilir ki, Əvəz Zeynallı heç bir əsas, dəlil və sübut olmadan 2011-ci ilin oktyabr ayının 28-dən hakim YAP -ın deputatı Gülər Əhmədova tərəfindən “hədə-qorxu ilə rüşvət tələb etmə” böhtanı ilə həbs olunub. İPGA araşdırmalar nəticəsində Əvəz Zeynallının hakimiyyətə qarşı tənqdi yazılar yazdıqdan sonra həbs olunduğu qənaətinə gəlib. Bundan başqa 2002-ci ildən fəaliyyətdə olan, son bir ayda isə gündəlik nəşr olunan “Xural” qəzetinə qarşı iddiaların məhz hakimiyyətə tabe insanlar və qurumlar tərəfindən verilməsi də şübhə doğurur. KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, YAP-ın deputatı Gülər Əhmədova “Xural” qəzetinə qarşı Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev iddia qaldırdıqdan sonra fəallaşaraq jurnalisti həbs etdirməyə və qəzetin fəaliyyətini dayandırmağa nail olublar. İPGA bunu jurnalist haqlarına zidd, söz və ifadə azadlığına qarşı yönəlmiş cəhd kimi dəyərləndirib. İPGA hesab edir ki, Azərbaycanda tənqidçi jurnalistlər, blogger və fəallar daim həbs olunmaq təhlükəsilə üz-üzədirlər. İPGA hazırda həbsdə olan jurnalistlərin və aktivistlərin dərhal və qeyd-şərtsiz azad olunmaları uğrunda kampaniyanı bu gün də fəal olaraq davam etdirir. “
Xatırladaq ki, Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatları yanvarın 26-da keçirilən AŞPA-nın iclaslarında Azərbaycanda söz azadlığının pozulmasına və insanların siyasi motivlər əsasında həbs olunmasına öz narahatlıqlarını ifadə ediblər. Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatlarının rəhbərlərinin vicdan məhbusları ilə bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşü olub. IPGA-nın üzv olan insan haqları təşkilatların AŞPA-ya etdiyi müraciətdə Azərbaycan hakimiyyəti qarşısında qoymalı olduğu tələblərdən biri də, mümkün vasitələrdən istifadə edərək, Azərbaycanda həbsdə olan vicdan məhbuslarının azad olunması üçün fəal iş aparmaq olub.
XuralTAC




