
Əvəz Zeynallı həqiqətləri – X HİSSƏ
Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.
X HİSSƏ “Yasamallı qadın” niyə susdu?
Məlum olur ki, G.Əhmədova təkcə şantajçı deyilmiş, o, həm də illərlə əsgərlik etdiyi partiya – YAP üçün ləkə imiş, dələduz imiş, tərbiyəsiz, əxlaqsız bir adammış, “qırt fərə” imiş və “100 xoruzla 1000 dəfə hinə” giribmiş. İllərlə onunla çiyin-çiyinə döyüşən silahdaşlarının qiymətidir bu. Üstəlik, onun ailə dostu, tanınmış jurnalist, ANS-in vitse-prezidenti Mirşahin Ağayevin qiymətləndirməsi olduqca düşündürücüdür. Mirşahin G.Əhmədovanı “Yasamallı qadın” kimi qələmə verdi və onun apardığı “razborka”sını alqışladı. Deməli, onu yaxından tanıyanlar belə onun mafiyanın üzvü olduğunu bilirlər. Belədə Gülərin mənim kollektivimi “təpəsinə güllə çaxaram” deyə hədələməsinin gerçək payı var imiş. Deməli, Gülərin “razborşiça” olduğunu və “xanım qaynana” kimi çoxlarından “üzük” aldığını ölkənin aparıcı kanalının sahiblərindən biri də bilirmiş. Xüsusi qeyd etməkdə fayda var ki, G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlu ANS-in önəmli adamlarından biridir və həmin İlqar 02.07.2012-ci ildə Gülər məhkəməyə gələndə zalda az qalmışdı hamını güllələsin…
Ortaya bir sual çıxır. Əgər Gülərin dərdi namus dərdi idisə, məni onun “şir ürəkli”, “nər biləkli” oğlanları öldürə bilərdilərsə, o zaman YAP-ın bu təhqir selinin qarşısında həmin oğullar niyə susdular?
Mən Allah eləməsin, bundan artıq nə yaza bilərdim ki, məni öldürməyi planlaşdıranlar “Səs”in iftira və təhqirlərinə “mıqq” edə bilmədilər? Deməli, bunların namusunu YAP və “Səs” təhqir edə bilər? Belə çıxır?
Təbii ki, elə deyil. Sadəcə, bir daha aydın olur ki, G.Əhmədovanın məni susdurmaq missiyası varmış və bu qadın o missiyanı oynayıb. Bunun namus dərdi-filan yox imiş, yoxsa elə bir şey olsaydı, indi ölkə Ramiz Mehdiyevdən, Əli Əhmədovdan, Hadı Rəcəblidən, Bəhruz Quliyevdən təmizləmişdi və Azərbaycan nisbətən rahat nəfəs alırdı. Gülərin cüt oğlu da Milli Qəhrəman olmuşdular.
Deməli, Gülərin “Mən ailəmi qorumuşam” iddiası da mənə şər atmaq yolunda bir həmlə imiş – növbəti həmlə. Özünü “namus bəkçisi” kimi göstərirmiş camaata.
Bir Əli Həsənov danışmadı
Hökümətin və YAP-ın bütün danışan dilləri Gülərin videosunda danışdı, bir Ə.Həsənov danışmadı. Məhz ona görə ki, Ə.Həsənov bütün məsələlərdə G.Əhmədova ilə şərikdir və xüsusilə mənim şərlənməyim məsələsində Gülərə təlimatı Ə.Həsənov verib. Yəqin ona görədir ki, sabiq deputat həbs olunacağı ərəfəsində hakimiyyəti mənimlə təhdid etdi: “Məni həbs etsəniz, Əvəz Zeynallını həbs etdirənləri açıqlayacağam, Ə.Zeynallının kartını açacağam.” Tarixin ironiyasına baxın, onun şərləyib həbs etdirdiyi Əvəz Zeynallı onu həbsdən xilas edən adama çevrildi. Bu da hər halda Allahın işidir.
Daha bir düşmən: Narkotika!
“Xural”ın və mənim hədəfimdə rüşvət və korrupsiya ilə bərabər, daha bir amansız düşmən vardı: Narkotika. Sanki gözəgörünməz bir əl bu millətin gül balalarını məhv etməkdən ötrü xüsusi bir plan əsasında işləyir. Bir əl rüşvət və korrupsiyanı inkişaf etdirir, bir əl milli-mənəvi dəyərləri sıradan çıxarır, bir əl millətin genefondunu – gəncləri zəhərləyir. İşə bir baxın, bir zamanlar Lənkəran və Cəlilabad Azərbaycan Milli Mübarizə Hərəkatının mərkəzi olub. İndi oralardan – eləcə də ölkənin digər regionlarında milli mübarizə ovqatından əsər-əlamət qalmayıb. İndi əksinə, belələrinə lağ edir, onları məsxərəyə qoyurlar. İndi Lənkəranda küçələrdə məktəbli şagirdlər öz müəllimlərinin gözlərinin qarşısında iynəyə otururlar.
Mən həm də narkotikaya düşmən oldum. Mənim qəzetim narkotikaya aid ən cəsarətli yazıları dərc etdi, narkobaronlar bizi məhkəməyə verdi, cərimələtdi, iş kəsdirdi, amma mən dayanmadım. Elə hesab edirəm ki, indiki həbsin – sözün ağır cinayətə çevrilməsində həmin narkotika şəbəkəsinin də payı var və onların hamısı üçün münbit şərait yaranıb.
10 ildir gözləyirdilər
Bəli, 10 ildir hakimiyyətdə oturan anti-milli şəbəkə bu məsələ üçün – mənim həbsim üçün əlindən gələni etdi. Bu millətin – Azəbaycan türkünün düşmənləri, rüşvət və korrupsiya bataqlığında can verənlər, ölkəni narkotika girdabına salıb Azərbaycan gəncinin dünyasını söndürənlər mənim kimiləri sevmirlər. Onlar xüsusilə xarici ölkələrdə oxuyub gələnləri qəbul etmir, dərhal onların yolunu bağlayırlar. Bunlar üçün ayrı kriteriyalar var, ona uymadınsa, yoxsan demək.
10 ildir nail ola bilmədiklərinə indi nail oldular. Dünyanı gəzdim, 7 prezident, 7 baş nazirlə görüşdüm, xarici ölkələrdə ən azı 7 təşkilat qurdum, dərgi çıxardım, Azərbaycan naminə 10-larla millət vəkili, diplomat, dövlət məmuru ilə təmas qurdum. Amma Ə.Həsənovun dilbilməz, Tanrıtanımaz, adamayovuşmaz, tənbəl, rüşvətxor və korrupsioner əl buyruqçularına dünya gerçəklərini anlada bilmədim. Onlar məni qova-qova namərd etmək istədilər, amma bacarmadılar. Bu zümrənin içində bir normal hüquqşünas yoxdur ki, məsələyə hüquqi yöndən yanaşsınlar. Bir normal insan – peşəkar yoxdur ki, peşələrinin tələblərini yerinə yetirsinlər. Bunların hamısı qul, kölədirlər. Qullarla, kölələrlə isə azadlıq mücadiləsi verilməz.
Həm 213.1, həm 306.2, həm 311.3.2, 311.3.3 və 311.3.4 boşdur
Vergi ittihamı yalan və absurddur. Bunu ibtudai istintaq zamanı müstəntiq də dəfələrlə etiraf etdi ki, “bu, bizim səhvimizdir…” Məhkəmədə də sübut olundu ki, vergiçilər istintaqın tapşırığını yerinə yetiriblər. Onların qarşısına tapşırıq qoyulub ki, “yayınma”nı iki min manatdan yuxarı çıxarsınlar ki, cinayət işi açıb, əlavə ittiham versinlər. Onu da ediblər. Bir dəfə mənimlə görüşmədən, bütün sənədləri əldə etmədən, elementar araşdırmalar aparmadan mənim adımdan bəzi sənədləri saxtalaşdıraraq, “vergilərdən yayınma”nı 7.300 manata çıxarıblar. İstintaqın eksperti bu məbləği 4 min manata endirib. Normal araşdırma aparılarsa, bizim “yayınma”mız 700–800 manatdan çox olmayacaq. Bu da 213.1 maddəsinin sıradan çıxmasıdır. Ayrıca, məhkəmə mənim yerimə mənim vergi fəaliyyətimi dayandıran şəxsi tapmalı, həmin sənədi saxtalaşdıran vergi əməkdaşı qanunla cəzalandırılmalıdır. Çünki saxtalaşdırma məhkəmə istintaqı zamanı öz təsdiqini tapdı. Əsgərli Şahin adlı vergi əməkdaşı açıqca etiraf etdi ki, “bu saxtalaşdırma sənin – yəni Ə.Zeynallının xeyrinədir…” Mənim xeyrimə kim saxtalaşdırma edib – maraqlıdır?
306.2 maddəsinə gəlincə, bu maddədə də qərəzli şəkildə məhkəmə qərarlarını icra etməməkdən söhbət gedə bilməz.
Məhkəmə dindirməsində də məlum oldu ki, N.Ələsgərli ümumiyyətlə, bu hadisəni unudubmuş. O, hətta mənimlə ortaq dostlarının olduğunu və bu məsələnin bitdiyini zənn etdiyini dedi. Nüşabə heç bir icra nümayəndəsini tanımadığını söylədi. İcraya hesab nömrəsi (pulun ödənilməsi üçün) vermədiyini dedi. Hesabına keçirdiyim 200 manatdan belə xəbərsiz olduğunu bildirdi. O, heç pulun marağında olmadığını da dedi. Məlum oldu ki, Nüşabə heç vəkilinin kim olduğunu da xatırlamır. Onun bu işə siyasi təzyiqlə daxil olduğu məlum oldu. Yoxsa 2007-ci ildə baş verən işə görə niyə 2011-ci ilin sonlarında R.Mehdiyev “Xural”a qarşı kampaniyaya başlayandan sonra qoşuldu? N.Ələsgərli bu suallara cvab verə bilmədi. Bunu həm də o, sübut edir ki, 2011-ci ilin fevralında N.Ələsgərli ilə danışmaq və məsələni həll etməyə çalışsam da, əvvəlcə razılaşan Nüşabə, son anda “mənə dedilər ki, iddianı geri götürmə” deyə kənara çəkildi.
N.Ələsgərlinin borcu ödənib, “cavab haqqı” isə, o zaman da dediyim kimi “Xural” fəaliyyətini bərpa edən kimi tanınacaq. Hətta təkzibi özü hazırlayıb redaksiya ilə razılaşdırandan sonra yayınlaya bilərik. Bu haqda cinayət işində izahatım da var və o vaxtdan bəri heç nə dəyişməyib. Sadəcə, səbəb siyasi olduğu üçün bu müğənnidən bizə qarşı istifadə ediblər.
“Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun ifadəsindən göründü ki, o da nə icraçıları tanımır, nə ötən 4 il müddətində bir dəfə də olsun icra məmurlarına müraciət etməyib. Nə icra məmurlarına hesab nömrəsini verməyib, nə məni məhkəməyə verəndə neçə min manat tələb etdiyini xatırlamır, nə də heç nə yadında deyil. Aydındır ki, o da siyasi sifarişin nəticəsində bu oyuna qoşulub. A.Ələsgərovun R.Mehdiyevin komandasında yer aldığı məlumdur və Ə.Həsənovla yaxın dostdur. Hətta təkzibedilməz məlumatlar var ki, Ə.Həsənov bir neçə dəfə A.Əsgərovun “Xural”la münasibətləri normala salmasına mane olub. Ona da heç borcumuz yoxdur. “Xural” və mən A.Əsgərova 670 manat ödəmişdik. Qalıb Kamal Hüseyn adlı müəllifin 330 manatı, onu da istənilən zaman ödəmək problem deyil. A.Əsgərovun təkzibi də dərc olunub və o, bu təkzibi qəbul etməyib. Halbuki bu təkzib – məhkəmə qərarına əsasən, tərəflərin razılaşması yolu ilə dərc edilib. Digər iddiaçıların təkziblərinin dərc olunmaması səbəbi də budur. Dərc etdiyimiz təkzibi bəyənmədikləri üçün biz razılaşdırılmış təkzib variantını təklif etmişik.
A.Əsgərovun işi ilə bağlı cinayət işində izahatım var və o izahatda da hər şeyi beləcə qeyd etmişəm. Heç bir qərəzli boyunqaçırmadan söhbət gedə bilməz. İcra məmurlarının öyrədilmiş məmurlarının məhkəməyə verdikləri ifadələrdə də siyasi sifariş həyata keçirildiyi ortaya çıxdı.
V.Səfərlinin icra sənədi isə bizə 2011-ci ilin iyul ayında daxil olub və biz icradan məhkəməyə müraciət etmişdik. KİVDF-nin icraçı direktoru olan V.Səfərli də birbaşa R.Mehdiyev-Ə.Həsənov komandasının üzvüdür. Onun Ə.Həsənovla ortaq biznesi var. Bina tikintisi ilə məşğul olurlar. VSəfərlinin də məhkəmə ifadəsi digərlərindən heç nə ilə fərqlənmədi – o da icraçıları tanımır, rəsmi müraciət etməyib, hesab nömrəsi verməyib və özünün dediyinə görə məni tutdurmaq niyyəti də olmayıb. Amma siyasi sifariş onu da bu oyuna qoşub. 28.09.2011-ci ildə V.Səfərlinin işi ilə bağlı izahatım var. İmkan yarandığı zaman onun pulunu ödəməyə başlayacağıq və “Xural” fəaliyyətə başlayan kimi onun da mövqeyini dərc edəcəyik. Heç bir qərəzli şəkildə icra etməməkdən söhbət gedə bilməz.
Hesabımızda təxminən 5 min AZN var
“Xural”ın əmlakı 19.10.2011-ci ildə R.Mehdiyev tərəfindən talan edildi və müsadirə olundu. Orada bizim xeyli kompüter dəstimiz, diktofon, printer, elektrik qızdırıcılarımız və s. var. Bununla bərabər, “Xural”ın hesabında olan pulu mən həbs olunandan götürə bilmirik. Təxminən 4-5 min manat arası pulumuz olmalıdır hesabımızda. Həm satılan əmlakımız, həm də həmin pullar A.Əsgərovun, həm də V.Səfərlinin borclarının ödənməsi üçün yetərincə kifayət edir və hətta artıq da qalır.
O pullarımızı bu adamların borclarına silmək olar. Qalacaq borclarımızı isə ödəmək problem deyil. Heç bir zaman məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etməmişəm. Nə zaman imkan olub, o zaman da ödəmişəm.
Rüşvət maddəsinə gəlincə
311-ci maddədən isə çox danışmışıq. Buna artıq “şər maddəsi” də deyirlər. Bu maddə hakimiyyətin məni şərləmək üçün istifadə etdiyi maddədir. Buradakı baş memar – Gülər Əhmədovanı artıq bütün dünya tanıyır. Ona hamı təqsirsizlik prezumpsiyasını gözləmədən “dələduz”, “fırıldaqçı”, “şantajçı”, “qara ləkə” və s. deyirlər. Bunu həm də dövlət və dövləti idarə edən hakim partiyanı idarə edənlər deyir. Məlum olur ki, məni ölkənin ən dələduz, şantajçı, rüşvətxor, fırıldaqçı, “Min adamın başını aşağı salan” adam, həbs etdirib. Ortada da heç bir sübut yoxdur. Şərin buynuzu olmur ki?
Rüşvət alan adam, rüşvət tıələb edən adam niyə qaçsın ki? Gülər yanımdan gedən kimi, həmkarlarıma, “səsimi yazdı…”, “mənə pul təklif elədi…” demişəm. Rüşvət tələb edən adam bunu aləmə bəyan edir? Hakimiyyətin oyunları başlayanda, onların məkrli planlarını öyrənəndə bütün ölkə və dünyanı xəbərdar etmişəm. “Məni R.Mehdiyev qadın millət vəkilinin əli ilə pulla şantaj etdirib, tutdurmaq istəyir…” demişəm.
Yazmışam – belə rüşvət tələb etmək olur?
Nə rüşvəti, nə də onun vədini qəbul etməmişəm. Həbsimdən 42 gün əvvəl bu haqda bütün dünyanı xəbərdar etmişəm. Belə rüşvət olur?
Dəfələrlə xahiş edib, məni iş yerinə, otağına dəvət edib. Getməmişəm, o mənim iş yerimə gəlib – belə rüşvət istəmək olur?
Rüşvəti almağın yollarını sabiq deputat G.Əhmədova E.Abdullayevlə olan son videogörüntülərində özü göstərib. Başının dəstəsilə gedir, təhdid edir, alır, sayır, çemodanlara doldurur, sonra da çıxıb gedir. Vəssalam.
Bu da 311-ci maddə!
Bu “şər maddəsi” mənə şər yaxanların başında elə çatladı ki, bütün dünya şahid oldu. Bu, həm də, İlahinin, Tanrının, Allahın, Xudavəndi-Aləmin, Yaradanın, Rəbbin, Xudanın görkü idi. İnsanlara xəbərdarlığı idi ki, insanı şərləmək olmaz!
Bu insanlar – Gülərdən qeyriləri də bu oyunun tərkib hissəsidirlər. Bircə sual yetir, bu üzəduranları tanımaq üçün – bu 7 ildə harada idiniz?
Niyə məhkəməyə verəndə bu faktları dilə gətirmədiniz, niyə bunların hamısı R.Mehdiyevin müsadirəsini gözlədi?
Baş prokuror demiş, “bəs, 7 ildir harada idilər? Niyə hərəsi bir tərəfə, bir ölkəyə qaçır?”
A.Məmmədov deyir ki, mən nə rüşvət vermişəm, nə də məndən rüşvət tələb olunmayıb. S.Tarverdiyev deyir, “Mən heç kimə rüşvət verməmişəm…” Niyə? Elmarın özü harada idi ki?
A.Heydərov isə qaçıb, girib Mərkəzi Klinik Xəstəxanaya ki, bura gəlməsin…
Söz, yoxsa ağır cinayət!?
Mən bütün şüurlu ömrümü Azərbaycana, onun milli maraqlarına xidmət etmişəm. Rüşvətlə, narkomaniya ilə, korrupsiya ilə, anti-milli meyllərlə döyüşmüşəm. Bütün ömrümü bir Azərbaycan vətənpərvəri və türk milliyyətçisi kimi yaşamışam və bundan sonra da elə davam edəcəyəm.
Bu məhkəmə prosesinin, ondan əvvəl də istintaqın davam etdiyi müddətdə yalnız hansısa yazıdan və kimlərinsə o yazılardan narahatlığından bəhs olunub. Sözdən başqa bu cinayət işində heç nə yoxdur. Ona görə də haqqımda qaldırılan bütün maddələr boş və cəfəngiyyatlar üzərində qurulub. Azərbaycanı sevmək, bu ölkənin övladlarının narkotikanın cəngində can verməməsini istəmək, rüşvət və korrupsiyaya qarşı amansız olmaq, Azərbaycan xalqının milyardlarını havaya sovuranlara asi olmaq, bunu yazmaq, tənqid etmək, Azad sözü qorumaq, müstəqil mətbuatı məhv edən mətbuat qatillərinə savaş açmaq, mətbuatı əl buyruqçusu edən mətbuat qəssablarının dünyanı başlarına dar etmək agır cinayətdirsə, o zaman deyəcəyim heç nə yoxdur. Yox, əgər bunlar cinayət deyilsə, Azərbaycan da hüquqi dövlətdirsə, Avropa məkanına inteqrasiya ediriksə, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasında gələcəyimizi müəyyənləşdiririksə, o zaman mənim yazdığım, “Xural” qəzetinin dərc etdiyi bütün tənqidi materiallar normaldır və hamısına dözümlə yanaşmaq lazımdır. Kiminsə, hansısa yazı xoşuna gəlməyə bilər. Bunun hüquqi dövlətlərdə yolu var…
Amma heç bir halda sözün, Azad Sözün, Müstəqil Sözün, irticaya satılmayan Sözün, şərlə, böhtanla, üzədurma ilə Ağir Cinayət olmasına imkan vemək olmaz!
Belə tarix yazmaq olmaz!
Tarix belə Agır Cinayətlər Məhkəmələrini lənətləyəcək!
Sözə bəraət lazımdır!
Bəraət sözün haqqıdır!
Söz bəraət istəyir!
“Xural” qəzetinin baş redaktoru Əvəz Tapdıq oğlu Zeynalov
XuralTAC



