
Ə.Zeynallı namizədlərə məhbusların problemlərini araşdırmağı tövsiyyə etdi
“Xural” qəzetinin hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynallı “MediaForum” saytının “Prezident seçkilərində iştirak edəcəksinizmi və bu zaman kimin namizədliyini dəstəkləmək niyyətindəsiniz?” sualını cavablandırarkən bildirib ki, hazırda qəzet və televiziya vasitəsilə namizədlərin çıxış və debatlarını çox ciddi şəkildə izləyir: “Hansı namizəd ümumilikdə məhbusların, xüsusilə də siyasi məhbusların, mənim və həbsdə olan digər həmkarlarımın hüquqlarını effektiv və aktiv müdafiə edəcəksə, həmin prezidentliyə namizədə səs verə bilərəm”. Ə.Zeynallı onu da qeyd edib ki, ümumilikdə həbsxanalar problemi, həbsxanalarda cəzaçəkənlərin problemi o qədər ciddi və fundamental problemdir ki, prezidentliyə iddialı olan hər bir namizədə bu məsələni öz siyasi platformasına daşımağı tövsiyyə edir: “Əlbəttə ki, seçimimdə bu məsələ çox ciddi rol oynayacaq”.



