
“BU ÖLKƏYƏ SƏFƏR ETMƏYİN”
ABŞ səfirliyindən xəbərdarlıq...

ABŞ-nin Bağdaddakı səfirliyi Ərbilə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra İraqda yaşayan ABŞ vətəndaşlarını maksimum ehtiyatlı olmağa çağırıb və ölkəyə səfər edilməməsi ilə bağlı xəbərdarlığını yeniləyib.
Xural.org “Qafqazinfo”-ya istinadən məlumat verir ki, səfirliyin yaydığı təhlükəsizlik bildirişində qeyd olunub ki, 15 iyul tarixində İrana yaxın qrupların Ərbilə təşkil etdiyi pilotsuz təyyarə hücumlarından sonra ABŞ vətəndaşları ən yüksək səviyyədə ayıq-sayıq olmalıdır.
Bəyanatda vətəndaşlara yerli medianı izləmək, həmçinin təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl etmək tövsiyə olunub.
ABŞ diplomatik nümayəndəliyi İraq üçün qüvvədə olan 4-cü səviyyəli səyahət xəbərdarlığını da xatırladaraq, vətəndaşlarını terror təhlükəsi, adam oğurluğu, silahlı qarşıdurmalar, daxili iğtişaşlar və ABŞ hökumətinin təcili yardım imkanlarının məhdudluğu səbəbindən ölkəyə səfər etməməyə çağırıb.
Bildirilib ki, bəzi əməkdaşların təxliyə edilməsinə baxmayaraq, ABŞ-nin İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir.
Səfirlik əlavə edib ki, ABŞ vətəndaşları konsulluq xidmətləri və digər məsələlərlə bağlı Bağdaddakı səfirlik və Ərbildəki Baş Konsulluqla elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.



