YEGANƏ HACIYEVA YAZDI: “VARDANYANA AZ CƏZA VERİLDİ…”

Nurçu-Rusiya-usaid-soros şəbəkəsinin sistemli hücümlarına məruz qaldım...

Politoloq Yeganə Hacıyevanın Ruben Vardanın aldığı cəza ilə bağlı özünün fb səhifəsində yazısı paylaşılıb. Bir çox həqiqətlərin açılanmasına görə, Xural.org Yeganə xanımın yazısını olduğu kimi Oxucularının diqqətinə çatdırır:
“Müttəhimin son sözü təqsirləndirilənin sualsız və müdaxiləsiz danışa bildiyi nadir məqamlardandır.
Ruben Vardanyan məhkəmədə bu imkanı tribuna olaraq istifadə etdi, Ermənistan ictimaiyyəti və dünyadakı ümumerməniliyə ünvanlanan siyasi çıxış etdi.
Vardanyan 13 aydır davam edən məhkəmənin hallarına bu qədər aidiyyatsız çıxışında özünü mümkün hüquqi arqumentlərlə müdafiə etmədi, əvəzində siyasi bəyanatlarla özünü ümumerməni lider elan etməyə cəhdlər etdi.
Müttəhimin son çıxışının işin rəsmi materiallarının bir hissəsinə çevrildiyini nəzərə alsaq, Vardanyan bu çıxışında fikir və mövqeyini protokolda təsbit etdi.
Bu kontekstdə çıxış Vardanyana gələcəkdə istinadlar üçün, özünü iddia etdiyi “lider kimi tarixi qiymətləndirmə” üçün lazim idi, ictimai fikirdə mümkün reabilitasiya üçün əsas idi və beynəlxalq dairələrə müraciət üçün vacib idi.
O və müdafiəçiləri məhkəmə prosesi müddətində məsələləri hüquqi müstəvidən siyasi müstəviyə keçirmək üçün çoxsaylı cəhdlər etdi.
Bu cəhdlər həm də həbsə qədər baş verən hadisələrin qavranma çərçivəsini dəyişməyə edilən cəhdlər idi.
Vardanyan və müfafiəçiləri göstərməyə çalışırdılar ki, onu konkret cinayətlərə görə yox, guya erməni olduğuna görə mühakimə edirlər.
Vardanyanın son çıxışı həm də Ermənistan auditoriyasına “mən cinayətkar deyil, siyasi hakimiyyətə rəqib və real alternativəm” mesaji vermək idi.
Bu çıxış həm də Vardanyanın Ermənistan və diğər ölkələrdəki erməni tərəfdarlarını ətrafında səfərbər etmək üçün sonuncu cəhdi idi.
Çıxışdan keçən bir neçə saat ərzində müxtəlif ölkələrdə erməni lobbisi və diasporanın nəzarət etdiyi media, sosial şəbəkə və diğər internet resurslarda tirajladığı “sitatlar” buna sübutdur.
Bu çıxış Xankəndinin azad edilməsi ilə ideologiyası cilik-cilik olmuş ümumerməni hərəkatı və diasporanı toparlamağa, diaspora tərəfdarlarını ruhlandırmağa və hökmdən sonrakı gündəmi müəyyən etməyə hesablanmışdır.
Bu çıxışın məhkəməyə aidiyyatı yox idi, hakim hökmünü iş materialları və ittiham tərəfinin mövqeyi əsasında çıxardı.
Müttəhim Vardanyanın son söz əvəzinə etdiyi siyasi bəyanatlar onun üçün heç yüngülləşdirici hal üçün əsas da vermədi.
Hətta onun çıxışının məzmunu “peşmançılığının olmaması” kimi də qəbul oluna bilər və müdafiə tərəfi özu bunu hamıdan yaxşı bilirdi.
Məhkəməni izlədiyim bu bir neçə ay ərzində ümumiyyətlə, müdafiə tərəfinin prosesi hüquqi strategiya ilə deyil, simvolik psevdo liderlik və psevdo tarixi strategiya üzərindən qurmasını müşahidə etdim.
Təxminən, “ittihamlar saxtadır”, “iş Ermənistan daxilindən sifarişlidir”, “məqsəd onu susdurmaqdır” və s. kimi absurd mövqe ilə qurulmuş simvolik lider düzəltmə strategiyası…
Onu da qeyd edim ki, məhkəmə davam edən müddətdə qənaətlərdə izlənən bu tezisləri sinxron şəkildə istər mühacir blogerlər, mühacir media və diğər internet infrastrukturlarında kənar şəbəkələr tərəfindən tirajlanırdı.
Etiraf edim ki, Avropa qurumlarının tədbirlərdə Vardanyanı dəfələrlə izləmiş və dinləmiş biri kimi mən, ondan daha “güclü” və daha pafoslu çıxış gözləyirdim…
Vardanyanı ilk dəfə 2013-cü ildə AŞPA da Azərbaycan ətrafında sifarişli saxta siyasi məhbus siyahısının lobbistlərini araşdırarkən görmüşdüm.
Onunla bağlı ilk araşdırmanı elə həmin il başlamışdım və həmin ildən 2023-cü ilin sentyabrına qədər sistemli şəkildə Azərbaycan əleyhinə fəaliyyətini əhatə edən geniş araşdırmaların müəllifiyəm.
Mənə görə, Azərbaycan ədalət mühakiməsi onun Qarabağda törətdiyi cinayətlərə görə cəzasını müəyyən edəndə çox humanist davrandı.
Vardanyanın hələ də cəzalandırılmadığı cinayətləri var və mən o cinayətlərə görə də onun cəzalandırılmasını arzu edirdim.
Məsələn, Qarabağdan Avropa və ABŞ əxlaqsızlıq evlərinə göndərilən azyaşlı erməni qız və oğlan uşaqları biznesinə görə…
Qarabağda qeyri-qanuni bizneslərinin kurasiya etməsi üçün, güya Xankəndində hərbi xidmətə gəlmiş Rusiya, ABŞ, Kanada və Ermənistan vətəndaşı olan oğlu Davidin Xankəndi ətrafında zorlayıb öldürdüyü 9 yaşlı erməni qızının qətlini ört-basdır etdiyinə görə… və s.
Öz növbəmdə deyim ki, hələ gənc yaşlarından araşdırdığı cinayətkarın həbsini öz gözləri ilə görmək, məhkəməsini izləmək məndə mütləq olan ilahi ədalət hissinə inamımı və şükranlığımı daha da dərinləşdirdi.
İstər Vardanyan, istərsə də dünyadakı diğər erməni lobbisinin ifşa araşdırmalarına görə mən elementar təşəkkürnamə belə almamışam… Əksinə, ölkə media və qht-sində kök atmış nurçu-rusiya-usaid-soros şəbəkəsinin sistemli hücümlarına məruz qalmışam.
Araşdırmalarım son 4 ildə sistemli şəkildə ölkədəki Rusiya şəbəkəsinin nümayəndələrinin adına rəsmiləşdirilib.
Ruben Vardanyan haqqında çəkilən filmin ideyası belə rəfiqəm, türki film prodyusseri, Azərbaycan tv kanallarının birində çalışan Kubra Uyğun Sertdağla bizə məxsus idi və biz o filmi çəkmək üçün ilkin işlərə start da vermişdik.
Mən son 6 ildə enerjimin 20%-ni yaradıcılığa, 80%-ni özünü müdafiəyə sərf etmişəm və o üzdən bu 6 ili karyeramdan itmiş illər hesab edirəm…
Bu kimi şeylərə üzülsəm də, mən bu işləri Allahımın mənə lütf etdiyi, elmimdən, biliklərimdən, təcrübəmdən minnətdarlıqla Dövlətimin, Xalqımın və Rəhbərimin yolunda verdiyim zəkat olaraq qəbul edirəm…
İstər araşdırmalara görə, istər də onları başqalarının adına rəsmiləşdirmə təşəbbüslərinə görə bir gün ədalətin bərqarar olacağına mən özüm qədər əminəm.
Bəzi məsələlərdə edə biləcəyimiz tək şey , onları Mütləq olan İlahi Ədalətə həvalə edib gözləməkdir…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button