
“Xural” qəzetinin əmlakını kim müsadirə etdirib?
İyulun 12-də saat 11.50-də Ali Məhkəmədə “Xural” qəzetinin əmlakının müsadirə olunması ilə bağlı məhkəmə keçiriləcək.
Xatırladaq ki, “Xural” qəzetinin əmlakı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən qəzet məhkəməyə verildikdən və 10 min manat cərimələndirildikdən sonra redaksiyanın əmlakı Nərimanov rayon məhkəməinin hakimi Sevinc Quliyevanın çıxardığı qərar əsasında müsadirə olunmuşdu. Sonradan Ramiz Mehdiyevin adı Ə.Zeynallının həbsinə amil yaradan bütün işlərin içindən çıxarılmışdı. Hətta həmin günlər MŞ-ının sədri Əflatun Amaşov “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında R. Mehdiyevin 6 ay əvvəl 10 min manatlıq cərimədən imtina etdiyini bildirmişdi. Oktyabrın 24-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məsələni dəqiqləşdirmək məqsədi ilə Nərimanov Rayon Məhkəməsində olarkən ona R.Mehdiyevin cərimədən imtina etmədiyini bildiriblər və bu xəbəri çox heyrətlə qarşılayıblar.
Müstəqil yönlü mətbuatı peşə etikasını pozmaqdan günahlandıran, R. Mehdiyev də daxil olmaqla hakimiyyətdə təmsil olunan yüksək rütbəli məmurları tənqid edən qəzetləri “qara siyahı”ya salan Ə.Amaşov özü peşə etikasını kobud şəkildə pozaraq ictimaiyyətə yalan məlumat vermişdi. Bu faktın özü bir daha onu sübut edir ki, “Xural” qəzetinə edilən basqıların başında R.Mehdiyev şəxsən özü dayanır. Ə.Amaşov, Ədliyyə Nazirliyi və digər qurumlar R.Mehdiyevin göstərişi ilə “Xural” qəzetinin əmlakını müsadirə edir, əvəzində isə Ədliyyə Nazirliyinin cəmiyyətə verdiyi bəyanatda R.Mehdiyevin adı bilərəkdən çıxarılır. Bu da onu sübut edir ki, R.Mehdiyevin iddiası əsasında məhkəmə “qərar”ı ilə “Xural” qəzetinin əmlakının müsadirə olunmasında birbaşa aidiyyatı olan PA rəhbəri, artıq adının mətbuatda hallanmasını istəmir və bacardığı şəkildə ictimaiyyətə yanlış məlumatların ötürülməsinə çalışır.
QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.
XuralTAC



