
Jurnalist Zülfüqar Əhmədzadə vəfat edib
Jurnalist, tərcüməçi və şair Zülfüqar Əhmədzadə (Rüfətoğlu) noyabrın 9-da Londonda vəfat edib. O, uzun müddət idi xəstəxanada müalicə olunurdu.
Xəbəri jurnalistin ailəsi AzadlıqRadiosuna təsdiqləyib.
Z.Əhmədzadənin 66 yaşı vardı.
O, 1984-1993-cü illərdə Azərbaycanda bir sıra mətbuat orqanlarında çalışıb. 1989-cu ildə nəşrə başlayan “Səhər” qəzetinin yaradıcılarından olub. 1991-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
“Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Mavigözlü ögey ana” kitabının müəllifi idi. Bu kitabda dərc olunmuş “Qayıtmayan” şeirində yazırdı:
“Qayıtmayan şeylər vardır,
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik” deyən dostlar
Gedir və bizə qayıtmır…”
1995-ci ildən “BBC Azərbaycan” xidmətində işləyib.
Z.Əhmədzadə uzun illər AzadlıqRadiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edib.
Allah rəhmət eləsin!



