
Bəxtiyar Hacıyev həbsdən müraciət etdi
Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Azərbaycanda ictimai fəal Bəxtiyar Hacıyevin 1 ay 20 gün müddətinə həbs edilməsi həm yerli, həm də diplomatik korpuslarda diqqəti cəlb edib: xüsusilə son iki ildə, İkinci Qarabağ müharibəsindən sonra geniş ictimai nüfuza, beynəlxalq əlaqələrə sahib şəxslərin uzunmüddətli həbsi müşahidə olunmurdu.
BBC News Azərbaycancaya danışan yerli hüquq müdafiəçiləri deyirlər ki, Bəxtiyar Hacıyevin “qəfil həbsi” Azərbaycanda hakimiyyətin “nisbətən tənqidə dözümlülük nümayiş etdirdiyi dövrün başa çatdığını” göstərə bilər və bu, narahatlıq yaradır.
Bəzi ictimai fəallar hesab edirlər ki, Bəxtiyar Hacıyev uzun müddətdir ki, təzyiqlə üzləşir və buna misal olaraq, onun Daxili İşlər Nazirliyi rəhbərliyi ilə yaşadığı münaqişəni göstərirlər.
Bu ilin mayında Bəxtiyar Hacıyev Bakının mərkəzi küçələrinin birində “oğurlanaraq təhqirə” məruz qaldığını iddia etmiş və bunda Daxili İşlər Nazirliyini günahlandırmışdı.
Ancaq üstündən aylar keçsə də, Bəxtiyar Hacıyevin üzləşdiyi bu hadisə ilə kimsə məsuliyyətə cəlb edilməyib və araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə hər hansı məlumat verilməyib.
Bəxtiyar Hacıyevin həbsindən sonra ictimaiyyətdə formalaşan rəylərdən biri də odur ki, o, getdiyi beynəlxalq tədbirlərdə Azərbaycanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiya çağırışları səsləndirdiyinə görə “cəzalandırılıb”.
Onun həbsi ABŞ-ın sanksiya siyahısını açıqladığı vaxta təsadüf edib. Həmin siyahıya ilk dəfə olaraq, Azərbaycandan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi polkovnik Kərim Əlimərdanov da daxil edilib. Əlimərdanovun sanksiya siyahısına onun 2015 və 2016-cı illərdə insan hüquqlarını kobud şəkildə pozması, məhbuslara işgəncə verilməsində iştirakına görə salındığı bildirilir.
2016-cı ildə Bakının Nardaran kəndində DİN-nin keçirdiyi əməliyyata Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi polkovnik Kərim Əlimərdanov başçılıq edib.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Kərim Əlimərdanov barədə ittihamlara cavabında deyib: “Qeyd olunan dövrdə məsələyə məhkəmə tərəfindən müvafiq qiymət verilib. Geriyə qaydıb məsələyə hər hansı verəcək şərhi yoxdur”.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc hesab edir ki, sanskiya çağırışları və Azərbaycan hakimiyyətini mütəmadi tənqid etməsi Bəxtiyar Hacıyevin həbsinə səbəb ola bilməz, baş verənlər, “sadəcə, hüquqi məsələdir”.
Rəsmi ittiham
Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc BBC News Azərbaycancaya deyib ki, o, “həm xuliqanlıq, həm də məhkəməyə hörmətsizlik maddəsi üzrə ittiham olunur”, amma ittihamları rədd edir. Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verdiyini deyib.
Bəxtiyar Hacıyev aralarında yaranmış münaqişə ilə əlaqədar Ülviyyə Muradova (Alovlu) adlı jurnalistlə bir-birlərini qarşılıqlı məhkəməyə veriblər. Ötən ilin oktyabrında Ülviyyə Muradova Bəxtiyar Hacıyevi məhkəməyə verib. Bəxtiyar Hacıyev də Ülviyyə Muradova barədə məhkəməyə müraciət etsə də, onu iddiaları təmin edilməyib.
Yerli mətbuatın yazdığına görə, Bəxtiyar Hacıyev təhqir olunduğunu deyib və məhkəmə hakimləri bunu qəbul etməyiblər.
İddia olunur ki, cənab Hacıyev də hakimlərə deyib ki, “təhqir yoxdursa, ailə üzvlərinizə aiddir, orada yazılanlar”. Bəxtiyar Hacıyevin bu ifadəsini hakimlər məhkəməyə hörmətsizlik kimi qəbul edərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə araşdırlmaq üçün göndəriblər.
“Bəxtiyar Hacıyev həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib”, – vəkil Aqil Layıc BBC-yə deyib.

“Hakimiyyət tənqidə qarşı barışmazdır”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə görə, Bəxtiyar Hacıyev Azərbaycanda ictimai rəy formalaşdıran şəxslərdən biridir və belə adamın tənqidləri hakimiyyətdə birmənalı qarşılanmır:
“Uzun illərdir, hakimiyyətin tənqidə dözümü formalaşmayıb. İkinci Qarabağ müharibəsindən sonra bəzi işartılar görmüşdük ki, bir az tənqidlərə qarşı özlərində əminlik hiss olunurdu, tolerantlıq yarandığı kimi görünürdü, amma zaman keçdikcə bu görüntü aradan qalxdı”.
Anar Məmmədlinin fikrincə, Bəxtiyar Hacıyevin həbsi onu göstərir ki, hakimiyyətdə tənqidə qarşı dözümlülük yoxdur və tənqidi fikirli insanlara qarşı “barışmaz münasibət” sərgilənir.
“Bir müddətdir, qondarma cinayət ittihamları üzrə nüfuzlu şəxslərlə bağlı istintaq başlamaq, həbslər səngimişdi, amma əvəzində inzibati qaydada həbslər, polisə çağrılıb söhbət aparmaq, sosial mediada yazan adamlara psixoloji təzyiqlər, mənəvi təzyiqlər səngiməyib”, – Anar Məmmədli deyib.
İnzibati həbslər ilə “cəzalandırma”
O misal çəkir ki, bu yaxınlarda Demokratiya-18 hərəkatının üç üzvü, AXCP və Müsavat fəalları da oxşar inzibati həbslərlə “cəzalandırlıblar”.
Cənab Məmmədli hesab edir ki, Bəxtiyar Hacıyevin həbsi nə onun Daxili İşlər Nazirliyini ardıcıl tənqid etməsi, nə də fəalın Azərbaycana qarşı sanksiya tətbiqinə çağrış etməsiylə bağlı deyil.
“Sanksiyalar məsələsi, hardasa 7-8 il olar, ardıcıl səslənir. Bu barədə müxtəlif beynəlxalq hüquq müdafiə təşkilatlarıdır və onlar hesabatlar hazırlayaraq Avropa Birliyinə, ABŞ, Norveç hökümətinə çağrışlar ediblər ki, Azərbaycandan müəyən şəxslərə sanksiyalar tətbiq edilsin. Bunu Bəxtiyar kimi səsləndirən xeyli adam var və onun həbsini bununla bağlamaq sadəlövlük olar”, – Anar Məmmədli deyib.
“Mən özüm həbslərdəki işgəncələrlə bağlı və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlı dəfələrlə sanksiyalar tələb etmişəm”.
Anar Məmmədli BBC Azərbaycancaya müsahibəsində bildirib ki, Bəxtiyar Hacıyevin həbsi “siyasi qərardır, tamamilə qondarmadır”.
Təhlilçinin fikrincə, cənab Hacıyevin həbsində “qəsd və siyasi niyyət” var.
“Azərbaycanda heç bir struktur həbsi təkbaşına, ölkənin siyasi rəhbərliyinin icazəsi olmadan həyata keçirə bilməz”, – Anar Məmmədli iddia edib.

“Siyasi yox, hüquqi məsələdir”
Millət vəkili Zahid Oruc Bəxtiyar Hacıyevin həbsi ilə bağlı təfərrüatı ilə məlumatlı olmadığını vurğulayır və obyektiv mövqe tutmaq üçün “situasiyanı aydınlaşdırmağa” ehtiyac görsə də, əmindir ki, ictimai fəalın həbsi “hüquqi məsələdir, siyasi yox”.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti istər vətəndaş cəmiyyəti, istərsə də siyasi partiya təmsilçiləri ilə münasibətlərini həbsxana və azadlıqdan məhrumetmə cəzaları üzərində qurmaqda “qəti şəkildə maraqlı” deyil: “Çünki bu, özü-özlüyündə müxtəlif xarakterli hücumlara səbəb olur və indi gördüyünüz kimi, ABŞ Dövlət Departamentindən bir şəxsin adı ilə bağlı sanksiyaların tətbiqi məsələsi çox qabardılır və Azərbaycanı da bölgədə digər dövlətlərin yaşadığı embarqolarla, sanksiyalarla eyni duruma gətirib çatdırmaq üçün sanki bundan bir element kimi yararlanmaq istəyənlər var”.
Zahid Oruc Qarabağ münaqişəsinin həlli, Ermənistanla sülh müqaviləsi ilə bağlı proseslərə, İranla bağlı məsələlərə işarə edərək deyir ki, indi ölkənin “siyasi gündəliyi” fərqlidir və “indi bunun üzərində əlavə cəbhələrin açılması Azərbaycan hakimiyyəti tərəfindən arzu oluna bilməz”.
Millət vəkili Bəxtiyar Hacıyevin sanksiya çağırışlarına görə cəzalandırılması iddiaları ilə razı deyil. Onun sözlərinə görə, uzun illərdir, Azərbaycan hakimiyyətinə qarşı “belə çağırışlar səslənir, özü də təkcə Bəxtiyar Haciyev tərəfindən yox”.

“Bəxtiyar Hacıyevin həbsi böyük səhvdir”
Hüquq müqafiəçisi Novella Cəfəroğlu BBC News Azərbaycancaya deyib ki, Bəxtiyar Hacıyevin həbsi onun və bir neçə hüquq müdafiəçisi üçün gözlənilməz olub.
“Mən bilmirəm o nə səbəbədən həbs olunub. Rəsmi ittiham məhkəməyə hörməktsizlik və dələduzluqdur, amma biz hesab edirik ki, beynəlxalq hüquq müdafiə günü Bəxtiyar Hacıyevi həbs etmək böyük səhvdir”, – Novella Cəfəroğlu deyib.
O deyib ki, özü və həmkarları hazırlaşırlar ki, hakimiyyətin müxtəlif strukturlarına, Fuad Ələsgərova, Ombudsmana, Baş Prokurorluğa müraciət edib bu məsələni müzakirə etsinlər.
Bəxtiyar Hacıyevə avqustda “hucum”
Hakimiyyətin tənqidçisi və deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev dəfələrlə hücumlara məruz qaldığını ictimai şəkildə elan edib.
Bu ilin avqustunda ictimai fəal Bəxtiyar Hacıyev bir qrup şəxs tərəfindən izləndiyini, hücuma məruz qaldığını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparıldığını bildirib.
Bundan sonra Azərbaycan vətəndaşlığından çıxmaq istəyən Bəxtiyar Hacıyev BBC-yə müsahibəsində deyib ki, Həyatından narahatdır.
ABŞ Dövlət Departamenti Bəxtiyar Hacıyevi “dərhal azad etməyə” çağırıb.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini öz tənqidçilərini amansız yollarla susdurmaqda ittiham edir. Azərbaycan hökuməti belə tənqidlərin “qərəzli” olduğunu vurğulayır.



