
Aydın Canıyev Pənah Hüseyndən yazdı: “Allahın Pənahı…”
Aydın Canıyev
Allahın Pənahı, Pənahın Allahı və yaxud
Bizimlə olan… Bizim… Baş Bakanımız-Baxanımız!
Pənah bəyi təqdir edirəm: nə qədər ağzına və ağlına gələni yazırsan yaz haqqında, nə qədər danışırsan danış haqqında, əlinə də verər – əlinin altında hazır olan faktla dolu qovluğu, ağzına da verər – çeynəməklə bitib-tükənməyən fakt barbarisini!
Yeganə adamdı ki, tənqid, ittiham etməkdən, böhtan atmaqdan yorulmurlar!
Yeganə adamdı ki, haqqında yazılanlara dözməyb məhkəməyə verib və ərizəsini xahiş-minnətdən sonra geri götürüb – o da cəmi bircə dəfə!
Yeganə adamdı ki, silahdaşları… düşmənləri ilə bir mövqedən çıxış edib: hamı onu “dəfn” etməyə çalışıb!
Uzun illərin müşahidəsindən sonra yazmışdım: “Anatoli Çubaysdı, Pənah Hüseyndi, mənəm, bizi nə qədər dəfn etsələr də, bir də görürlər ki, zirvələrdən boylanırıq”.
Yeganə adamdı ki, nə qəbul, nə də imtina edə bilirlər! İstədiyi vaxt istədiyi yerdə olur! Hətta Milli Məcisdə deputatlığacan!
Kimə istəyirsən, “svarka”layırlar – qaynaq-calaq edirlər, nədə istəyirsən ittiham edirlər, Heydər Əliyevin, Əbülfəz Əliyevin, Əli Kərimovun, İsa Qəmbərin, PKK-nın, Mossadın, Ettelaatın, F-5-in yanında görürlər, amma, lakin, ancaq… biri də tapılmır ki, bu həmişə bizim olan, bizdən olan, bizimlə olan baş nazirimizi özümüzə aid etsin, bizimlə bir yerdə görsün! Halbuki… hər gün üz-üzə gəlirik onunla, onu görürük, danışırıq, ondan danışırıq, ona danışırıq, onu danışdırırıq!!!
Dünyada yeganə Baş nazirdi ki, Milli Məclisin iclas zalında Allahın evinəcən yandırıb, dağ çəkib qoyublar, dözməyib qayıdıb ki: “Allahınız olsun!”, “Yalançının balası ölsün”…
Yeganə Baş nazirdi ki, öz silahdaşlarından əleyhinə olanlar elə “öz” jurnalistlərinin diliylə ötürüblər cəmiyyətə: “bir adamın ki dədəsinin adı Çodar ola…” Hələ bununla da ürəyi soyumayıb, ardınca onu da əlavə etdiriblər: “Dədəsi Çodar kişi deyib ki, oğul mənimdi, mən bilirəm o nə… o…ğuldu” – dünyada əleyhinə bundan artıq şərəfsizlik edilən ikinci bir Baş nazir olmayıb!
Amma və lakin… bircə dəfə də görmədim ki, biri götürüb onun siyasi portretini çəksin, yazsın, haqqında haqq etdiyini desin, haqqını versin!
Ən azından o bir illik hakimiyyət dövründə də, ona qədər olan dönəmdə də sutkada 24 saat ayıq və oyaq olan, işləyən və həm də düşünən yeganə yetkili idi!
Həmin dövrdə Azərbaycanda həm işləyən, həm də düşünən daha biri vardı: Heydər Əliyev!
Pənah Hüseyn uduzdu: çünki ondan başqa düşünən və işləyən ikinci kadr yox idi, başda Əbülfəz Əliyev olmaqla. Olsaydı, ölkənin Baş naziri bir çıxış yolu tapardı. Əlinin altında, arxasında bir kimsə yox idi!
Amma udan və qalib gələn Heydər Əliyevin əlinin altında “KQB” sədri və birinci katib olmağının hesabına qazandığı bir xeyli “suka”, işverən, vələdüzzina vardı!
Pənah Hüseyn heç kimin nə özünün, nə də dədəsinin qabağında özünü miskin vəziyyətə salıb artistcəsinə ağlamadığından uduzdu həm də – amma başqaları bunu bacardı!
Məğlubiyyət faciə deyil, uduzmağın bir qalib gəlməkliyi də var, ancaq məğlubiyyət cinayətə bərabər olanda faciədir! Bax, Pənah Hüseyn bunu bu xalqa anlatmış Baş nazirdi!
Kifayət qədər erudisiyalı, bəs qədər savadlı, həddən artıq informasiyalı, tükənməz enerjiyə və işgüzarlığa malik Pənah Hüseyn Azərbaycanın Vəzarət tarixində – Baş nazirlik institutunda təkrarolunmaz personadı!
Çox da ki gopa basıb deyirlər ki, kimi gəldi işə qoyurdu Əbülfəz Elçibəy, ancaq həqiqət odu ki, Elçibəylə bir komandada olasan, ondan Baş nazirlik postunu qoparasan, bu elə dövlət xadimi və siyasətçi olmağın Everest zirvəsidi: əgər o komandada Əli Kərimlinin “Yurd”, İsa Qəmbərin “Müsavat”, Etibar Məmmədovun “milli istiqlal” birkalı regionçuluq başbakanlığı iddiası, Heydər Əliyevin hakimiyyət, Surət Hüseynovun qiyamçı resursu varsa…
1993-cü ildə AXC-Müsavat hakimiyyəti devriləndə, düşünürdüm ki, çox qısa müddətdə yenidən revanş götürülər! Fikirləşirdim ki, bir həftə un tapılmadığına, beş şəhid gəldiyinə görə AXC-Müsavatı söyən xalq torpağı qaytarmayan, demokratiya verməyən hakimiyyəti daha tez dəyişər! Təəssüf ki…
Ən azından Türkçülük sevdalıları kimi mövqe sərgiləyənlərin nümunə götürməyə Süleyman Dəmirəli vardı, dünyanın Şarl de Qollu, Çörçilli vardı – Prezident də, Baş nazir də, Milli Məclisin sədri də tarixçi idilər ixtisasca!
Və mən yalnız 6 ildən sonra başa düşdüm: Pənah Hüseynin heç bir günahı yoxdu! Onun bu hakimiyyəti xilas etməyə nə onda, nə indi, nə də bundan sonra heç bir şansı olmayıb, yoxdu, olmayacaq da!
Bir fakt deyəcəm – öz həyatımdan, bilən bilsin ki, niyə Pənah bəydən və komandasından nümunə gətirmirəm.
Deməli, təsəvvür edin ki, bir yerdə baş redaktoram, qrup yoldaşımı öz yanıma gətirmişəm dəstək üçün, nəinki qəzeti, hətta ailəmi ona etibar etmək qədərincə etimadımı bilir, bilirlər! Həm də bilirlər ki, mən adamı çox yüksək tuturam. Təsəvvür edin, iqtidar qəzetlərindən birinin nümayəndəsini gətiriblər redaksiyaya, müavin qoymaq istəyirlər (o xətt indi də davam edir: tutaq ki, baş redaktor Bəxtiyar Sadıqovdu “Azərbaycan” qəzetində, amma “birinci skripka” İxtiyar müəllimdi), qışqırığım ərşə qalxıb, adamla cırışıram, hər şeyi atıb gedirəm sponsorun yanına, dizimi dirəyirəm, qrup yoldaşımı… müavin qoydururam. “Nəzarətçi” göndərilən də kişi oğlu kişi kimi çıxır gedir. Amma mənim kişi oğli kişi saydığım qrup yoldaşım… yazının başlığında bir ünvan göstərir, yarımbaşlıqda bir ünvan, mətndə bir ünvan, imza yerində bir ünvan! Bunu jurnalistikada hətta bugünkü danalar etmir, edə də bilməzlər, mümkün deyil belə danalıq, ağla gəlməz, amma mənim qrup yoldaşım… bunu etmişdi: jurnalistikanı fərqlənmə ilə qurtaran qrup yoldaşım! Və hesab etmişdi ki, unudulacaq, elə bil Bərdənin Kətəlparaq sovxozunun fermasında işləyirdik!
Təəssüf ki, Azərbaycan xalqı özünü mənim qrup yoldaşım kimi apardı! 6 gün maaş yubananda “oğlum məni danladı, dedi ki, bu gün də maaşı almasan, özüm bilərəm sənə nə deyərəm” mesajını verən qrup yoldaşım 6 ay maaşsız işlədi mənim yerimdə!
Rayonlar getdi, şəhidlər hörmətsiz edildi, vuruşan oğullar həbs edildi, öldürüldü… xalq ilhama gəlmədi, əksinə, bir az da ilhamla irəli getdi – batmaq üçün!
Bax, həmin 1999-cu ildə… mən Pənah Hüseyn üçün doqquz ana əvəzinə dəsmal götürüb ağladım! Ölkənin nazir müavini qarşısında məsuliyyət daşıdığı, tabeçiliyində olduğu Şəxsə deyir ki, filankəs mənə göstəriş verir, bilmirəm nə edim, qayıdasan deyəsən ki, Onun dediyini elə! – yazılası deyil e…
Artıq silahdaşlar haqqında gəldiyim qənaətin də üstünü Ulu Öndər (Allah ona qəni-qəni rəhmət eləsin, aparan olsaydı, gedib kompleksi qarşısında baş əyərdim) Heydər Əliyev düzəltdi: “Azərbaycan xalqı demokratiyaya hazır deyil”
Demokratiyaya hazır olmayan xalqın ən demokrat baş naziri olub Pənah Hüseyn!
Şornan loru seçə bilməyənlər onu mühakimə edir!
Müxbirlər Baş nazir olan Pənah Hüseynə birbaşa zəng edib soruşmaq bir yana, hətta ittiham edirdilər!
Biri mən – “Azərbaycan” qəzetinin müxbiri, biri “Azadlıq”ın müxbiri!
Pənah Hüseyndən nə əvvəl, nə də sonra heç bir Baş naziri yolda-zadda görən olmayıb – camaat arasında, yəni!
Heç müsahibə ala bilən də! Heç ittiham cəsarəti də olmayıb! Pənah Hüseyn danışanda ölkədən danışırdı, Pənah Hüseyndən sonra danışanlar… duzlu xiyardan!
Xalq isə… razıdı hər şeydən! Təkcə Baş nazir olmuş Pənah Hüseyndən narazıdı!
O Pənah Hüseyndən ki… ondan narazı xalqı sevib, vuruşub, itirib, həbs olunub, konspirasiyaya çəkilib, düşünüb və o xalqın puluna-malına tamah salmağa vaxtı da, imkanı da olmayıb! Olsaydı, bəlkə də edərdi, amma olmayıb da, eləməyib də, ürəyim sənə qurban!
Olanları, edənləri dilə gətirməyən xalq… Pənah Hüseyni pisləməyi unutmur amma.
Arada Pənah Hüseyn haqqında düşünəndə öz-özümə deyirəm: Ya rəbb, görürsənmi, mən ildə bir dəfə içirəm, bütün ölkə danışır, amma bir oturuma mənim bütün ömrüm boyu içdiyimi içənlərin adı yox! Pənah bəy də cəmi bir neçə ay olub Baş nazir, heç nə eləməyib, amma edənləri qoyub, onun adını hallandırırlar! Görürsən, İlahi, mən araq içməyi bacarmadım, Pənah Hüseyn də Baş nazir olmağı! Amma sən bilirsən ki, bu xalq da ağzının danışığını bilməyib, bilmir, bilməyəcək də! Öz aramızdı, düppədüz dedim, hə?
Qurban olduğum nə deyəsidi ki? Jurnalistləri robota sual verən həddə çatmışıq e! Dəftər-kitab oxumayan xalqdan Siseronluq gözləyəsi deyilik ha!
Uzaqbaşı, təsəlli üçün bizdən bir dənə Diogen çıxar – o da özüməm!
… Pənah bəy, Sizi ad gününüzə görə yox, sadəcə bizim olan, bizdən olan, bizimlə olan Baş nazirimiz kimi təbrik edirəm.
Onsuz da dözübsünüz – hərəmiz bir daş atmışıq! Ən böyük arzum odu ki, sizə nahaqdan atdığımız daşları bir gün fürsət düşə, qaytarıb çırpasınız təpəmizə.
Allah ədalətlidi – Heydər Əliyevə şans verdisə, Sizə milyonda milyon verəcək!
Allahı pənahda tutun, Allahın pənahında olun, “Allaha pənah” deyib, Allahdan ümidimizə həyat verməsini gözləyin!
Tak derjat!
p.s. Mən Pənah bəylə təmasda çox da olmuram, olmamışam. Fobiya var məndə: adamı yaxşı danışdırıram, orbitindən çıxara bilirəm, düşünürəm ki, Pənah bəy birdən bütün həqiqətləri deyər, bu xalq, bu ölkə gözümdən düşər! Həm də bilirəm ki, Pənah bəy də, – İsa bəy, Nemət Pənahlı, Əvəz Zeynallı, Qurban Məmmədov kimi, heç nəyə baxmayaraq, inanır ki, bu xalq nəsə edər – məndən, Əli Kərimlidən, Cəmil Həsənlidən fərqli olaraq!
YAZIDAN SONRAKI SAĞLIQ:
Bax… belədi ərzi-halımız: Nəsimi Nəbizadə profilini bağlayıb ki, bilməyək ad günüdü, Tural Turan pəncərəsini bağlayıb, səhifəsini “zibilləməyək”, sayın eks başbakan Pənah Hüseyn ümumiyyətlə bildirməyib, indi çox yaxın dostlar billib faş edib, allah saxlamışlar ad günlərində eynən bu iqtidar kimi davranıblar – “hər vətəndaş öz iqtidarına oxşayır” deməyim gəldi lap: necə ki hakimiyyət offşor zonalardakı hesablarını gizlədir, Xədicə İsmayıl xanım da tapıb ötürür xalqa, Mark da, İsa Sadıqov da, Nazlı Ağayeva İlham Tumasla da şairimizin, diktorumuzun, baş nazirimiz olmuşun ad günlərini tapıb üzə çıxardıblar!
Elin Süleymanovun təbirincə desək, Allahınıza şükür edin ki, korrupsioner olmayan baş naziriniz, “bez pyati minut nobeliant” şairiniz, əməkdar jurnalist olan diktorunuz bir gündə doğulub e!
Hər gün azından üç nəhəng övlad dünyaya gətirən anaların xalqının aqibəti, əlbəttə ki… çox yaxşı olar!
İnanın, təbrik edin və şərəfə!!!
Xural.com



